Bakıdakı körpülər qəzalı vəziyyətdədir? Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Paytaxtda yerləşən körpülər nə dərəcədə təhlükəsizdir? Tez-tez bəzi körpülərdə çat və aralanma olduğu, son dəfə isə üzlüyün qoparaq avtomobilin damına düşdüyü ilə bağlı xəbərlər yayılır.
Bildirilir ki, adətən körpülərin istismar müddəti 40 il olur. Ancaq bəzi infrastrukturda artıq 15 ildən sonra belə çatlar əmələ gəlir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məsələ ilə bağlı vurğulanıb ki, şəhərdəki bütün körpülər mütəmadi olaraq yoxlanılır.
“Hər hansı bir problem olduqda dərhal mütəxəssislər əraziyə göndərilirlər ki, həmin problemi tam ətraflı nəzərdən keçirsinlər və müvafiq addımlar atılsın”, – deyə mətbuat katibi Anar Nəcəfli qeyd edib.
O əlavə edib ki, körpünün istismar müddətinə az qaldıqda infrastruktur testlərdən keçirilir.
Təhlükəsizlik üzrə ekspertlər isə vurğulayırlar ki, körpülərin dayanıqlığı əlverişsiz hava şəraiti olduğu zaman da yoxlanılmalıdır.