"Birbank" istifadəçilərinə göndərilən bildirişdə 27 noyabrdan etibarən "Kapital Bank" ATM-lərindən nağdlaşdırma və digər bank kartlarına köçürmə əməliyyatları üçün 1% komissiya tətbiq ediləcəyi açıqlanıb.
Məsələ ilə bağlı "Kapital Bank"dan Bakuplus.az-a bildirilib ki, komissiyasız aylıq nağdlaşdırma və köçürmə limiti müştərilərin maliyyə davranışına əsasən fərdi qaydada müəyyən olunur. "27.11.2025-ci il tarixindən etibarən bəzi müştəri qruplarında "Birbank"a məxsus bankomatlardan nağdlaşdırma və "Birbank" kartlarından digər ölkədaxili bank kartlarına köçürmələr üçün əvvəl mövcud olan komissiyasız məxaric limiti ləğv ediləcək. Bu əməliyyatlar üzrə tətbiq olunacaq yeni komissiya: 1% (minimum 1 AZN/USD/EUR). Lakin "Birbank" kartlarından şəxsi vəsaitinizi "Birbank" (Kapital Bank) kartına köçürmə zamanı məxaric olunan kartdan komissiya tutulmur".
Maraqlıdır ki, müştərilərin maliyyə davranışları deyəndə konkret olaraq hansı halların nəzərdə tutulduğuna aydınlıq gətirilmir. Bu isə qeyri-müəyyənlik yaradır. Təsadüfü deyil ki, insanlar sosial şəbəkələrdə bu qərardan narazı qaldıqlarını bildiriblər. Onlar hesab edir ki, bankın öz müştərisindən, həm də özünə məxsus ATM-lərdən pul çıxarmağa görə komissiya tutması düzgün deyil.