Son vaxtlar Bakıda palçıqlı, bulanıq yağış yağması müşahidə olunur. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri c.e.d. Səid Səfərovun sözlərinə görə, yağıntıların şəffaflığı atmosferin çirklənməsi və hava axınlarının əraziyə hansı istiqamətdən daxil olması ilə əlaqədardır.
“Yəni hava axınının gəldiyi ərazilərdə güclü külək, toz burulğanları varsa, müəyyən bir sinoptik şəraitdə bu toz yuxarı qalxaraq hava axınları ilə müəyyən marşrut üzrə yağıntılar gözlənilən yerə gəlib çatanda tozun qatılığından asılı olaraq, palçıqlı və ya bulanıq yağış şəklində özünü göstərir”, – şöbə müdiri bildirib.
Səfərov onu da qeyd edib ki, yağıntı uzun müddət davm edəndə atmosferdəki toz çökür və yağıntıdakı bulanıqlıq azalır.