Bakıda bir müddət öncə üstü bərabər rənglə boyanan qraffiti əvvəlki vəziyyətinə qaytarılıb. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Yasamal rayonu, “Sovetski” kimi tanınan ərazidə divara çəkilmiş məşhur qraffitinin silinməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə tənqid və narazılıqla qarşılanmışdı.
10 günə yaxın vaxt keçəndən sonra həmin küçə sənət əsəri bərpa olunub. Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, qraffitini müəllif rəssam özü yeniləyib.
Qeyd edək ki, sözügedən qraffiti keçmiş “Sovetski” ərazisində 2019-cu ildə rəssam Azər Məmmədli tərəfindən çəkilmişdi.