İşğaldan azad olunmuş ərazilərə avtobus reysləri üçün biletlər satışa çıxarılır. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bakıda işğaldan azad olunmuş torpaqlara olan avtobus reyslərinə yanvar üçün biletlərin satışına start verilir. Belə ki, biletlər 28 dekabr saat 11:00-dan etibarən satışa çıxarılacaq. Sərnişinlər biletləri https://yolumuzqarabaga.az/ portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Bilet alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.
2022-ci ilin 24 yanvar tarixindən bu günədək Şuşa və Ağdam şəhərlərinə 664 reys həyata keçirilib, ümumilikdə 27.229 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Daha öncə Şuşa və Suqovuşana fərdi minik avtomobillərinin getməsinə icazələr barədə məlumat verilib.