Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayonda həyata keçirilən bir sıra tikinti layihələri barədə məlumat verib. Bu haqda bu gün, 8 noyabr tarixində APA məlumat verib.
“Sovetski”də salınan Mərkəzi parkda tikinti işləri davam etdirilir, yaxın günlərdə parkın daha bir hissəsinin açılışı planlaşdırılır.
O, həmçinin bildirib ki, qeyd olunan yaşayış massivindən 2014-2019-cu illərdə mindən çox ailə köçürülüb. Birinci və ikinci mərhələdə köçürülən ailələrə müvafiq qaydada kompensasiyaların ödənilməsi təmin edilib. “Sovetski”də köçürülmə işlərinin üçüncü mərhələsinə gəlincə icra başçısı qeyd edib ki, bir sıra məsələlər öyrənildikdən sonra növbəti mərhələyə start veriləcək.
İcra başçısı onu da qeyd edib ki, Alatava, “İnşaatçılar” metrosunun ətrafındakı ərazilərdə yerləşən həyət evlərinin sökülərək, yeni binaların tikilməsi ilə bağlı məsələlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müzakirə olunur.