Bakının Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yerüstü piyada keçidinin inşası davam etdirilir. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
Keçidin uzunluğu 57 metr, daxili eni 3,5 metr olacaq. Yolun hərəkət hissəsinin üzərində 5,8 metr hündürlükdə yerləşən keçid qəfəs formasında örtülmüş metal konstruksiya olacaq.
Hazırda keçidin aşırım hissəsinin quraşdırılması həyata keçirilib, hazırda pilləkən hissələrinin montaj işləri aparılır.
İki giriş-çıxışı olan keçiddə beynəlxalq standartlara uyğun oval tipli panduslar quraşdırılacaq, əlilliyi olan şəxslərin rahat hərəkəti təmin ediləcək.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus dayanacaqlarının, obyektin fəaliyyətinə nəzarət edən işçilər üçün otağın tikintisi, həmçinin piyada keçidinin ətrafının abadlaşdırılması nəzərdə tutulub.