QOÇ (21 mart - 19 aprel)
Bu həftə Qoçlar aşırı diqqətdən bezəcəklər: hamının gözündə sanki bir ulduz kimi parlayacaqsınız. Siz evdən çıxmağa peşman olacaqsınız: komplimentlər, hədiyyələr, sizə görə göydən ulduzları qoparmağa hazır olan pərəstişkarlarla qarşılaşmağa hazır olun. Lakin 100 ölçüb, bir biçməlisiniz və yalnız bundan sonra sizə layiq olanı aşkar etsəniz, ona “hə” deyin və münasibətə başlayın. Ümümiyyətlə, bu aralar hər bir işdə bəxtiniz çox gətirəcək. Uğurlu günləriniz 10, 12 noyabr, uğursuz gününüz isə 8 noyabrdır.
BUĞA (20 aprel - 20 may)
Bu həftə keçmişdə qalan, lakin hələ də həllini tapmayan problemlərlə yenidən qarşılaşacaqsınız. Ya bu həftə həmin məsələləri həll edəcəksiniz, ya da gələcəkdə daha da çətin vəziyyətlə üzləşəcəksiniz. Maddi durumunuzun yaxşılaşacağı gözlənilir, lakin bu, sizin düzgün qərar verməyinizdən asılı olacaq: ya cekpot qoparacaqsınız, ya da maliyyə böhranı ilə üz-üzə qalacaqsınız. Subayların bəxti açılacaq: çoxdandır bəyəndiyiniz şəxs varsa, mütləq bu həftə ona ürəyinizi açın, “yox” sözü eşitməyəcəksiniz. Uğurlu günləriniz 8, 11 noyabr, uğursuz gününüz isə 7 noyabrdır.
ƏKİZLƏR (21 may - 21 iyun)
Xoşbəxt olmağa layiqsiniz və ulduzlar bu həftə sizə həmin şansı yaradacaq: çalışqanları maaş artımı və ya karyera yüksəlişi, subayları eşq və məhəbbət, cütlükləri isə ailə xoşbəxtliyi gözləyir. Lakin həftəsonu paxıllar sakit durmayacaqlar: onlar sizin sevincinizi həzm edə bilməyəcəklər və kefinizi pozmağa çalışacaqlar. Lakin unutmayın, “İt hürər, karvan keçər”: heç nəyə fikir vermədən gözəl günlərdən həzz alın. Uğurlu günləriniz 7, 13 noyabr, uğursuz gününüz isə 9 noyabrdır.
XƏRÇƏNG (22 iyun - 22 iyul)
Bu həftə siz liderlik bacarıqlarınızı nümayiş etdirəcəksiniz: böyük proyektin başında olacaqsınız, sizə əhəmiyyətli tapşırıq veriləcək. Əgər bunun öhdəsindən gəlsəniz, sizi karyera yüksəlişi, maaş artımı və bonuslar gözləyir. Həftənin sonunda nifrət etdiyiniz insanla yenidən qarşılaşacaqsınız. O, sizi sancmağa çalışacaq, lakin sonda Xərçəngin zəhərini dadacaq. Sevgi cəbhəsində problemlər həll olunacaq və romantik anlar yaşayacaqsınız. Uğurlu günləriniz 8, 9, 12 noyabr, uğursuz gününüz isə 13 noyabrdır.
ŞİR (23 iyul - 22 avqust)
Bu həftə bəzi cütlüklər arasında problemlər yaşana bilər, odur ki, siz öz sevginiz uğrunda mübarizə aparmalı olacaqsınız. Buna səbəb sevgilinizin keçmiş münasibətləri olacaq: köhnə sevgilisi onu sizin əlinizdən almaq istəyəcək və bunun üçün bütün yollara əl atacaq. Xoşbəxtliyinizi qorumaq üçün güclü olmalısınız, həmin şəxsi tapıb payını verməlisiniz. Əgər sevgiliniz sizə sadiqdirsə, pis heç nə baş verməyəcək, şorgözdürsə, vay sizin halınıza. Uğurlu günləriniz 11, 12, 13 noyabr, uğursuz gününüz isə 10 noyabrdır.
QIZ (23 avqust - 22 sentyabr)
Bu həftə Qızları xoşbəxt günlər gözləyir, əsas da sevgi cəbhəsində. Bu bürcün subay nümayəndələri “subaylıq sultanlıqdır” şüarı ilə vidalaşacaqlar. Bu günlərdə toyu və ya nişanı olan şəxslərin bəxti gözəl olacaq; ulduzlar sizin üçün xoşbəxt günlər hazırlayıb. Maddi durumunuz pisləşə bilər. Bu, sizin günahınız olacaq, çünki lazımsız alış-verişlər edəcəksiniz. Həftəsonu işinizlə əlaqəli kiçik problemlərlə üzləşə bilərsiniz. Uğurlu günləriniz 11, 12, 13 noyabr, uğursuz gününüz isə 10 noyabrdır.
TƏRƏZİ (23 sentyabr - 23 oktyabr)
Bu həftə ideyaları həyata keçirmək üçün gözəl zamandır. Son vaxtlar hansısa planlar qurursunuzsa, onları həyata keçirməyə başlamağın vaxtıdır: ulduzlar nəticənin sizi sevindirəcəyinə və hətta gözləniləndən də yüksək ola biləcəyinə söz verirlər. Əgər səyləriniz öz bəhrəsini verməyə başlayarsa, deməli hər şey plana uyğun gedir. Hətta maneələrlə qarşılaşsanız belə, öz arzunuzun dalınca getməyə davam edin. Həftə ərzində romantik tanışlıqlar ola bilər; bəlkə də, sevgidə bəxtiniz gətirdi. Uğurlu günləriniz 7, 8, 11 noyabr, uğursuz gününüz isə 9 noyabrdır.
ƏQRƏB (24 oktyabr - 21 noyabr)
Bu həftə Əqrəbin başı ağrıyacaq, çünki o, dilini dinc saxlaya bilmir. Ulduzlar bu həftə sizdən üz döndərəcək, bu da sizin keçmişdə buraxdığınız səhvlərə görə baş verəcək. Sadəcə səbr etməyiniz tələb olunur, çünki gələn həftə xoş xəbər alacaqsınız. Unutmayın ki, həyat ağ-qara zolaqlar kimidir. Bu həftə ayağınızı qara zolağa basmalı olacaqsınız. Lakin həftəsonu cibiniz pulla dolu olacaq. Uğurlu günləriniz 11, 13 noyabr, uğursuz gününüz isə 12 noyabrdır.
OXATAN (22 noyabr - 21 dekabr)
Bu həftə Oxatan bürcünün qız nümayəndələri üçün çox gərgin keçəcək: dava, söz-söhbət, saçyolma və daha nələr. Bu sizin uğurunuzla əlaqəli olacaq. Bəzi insanlar nailiyyətlərinizi həzm edə bilməyəcəklər və sizin kefinizi pozmağa çalışacaqlar, qeybət edəcəklər, sizə böhtan atacaqlar. Lakin sonda qalib siz olacaqsınız və həmin adamlar sizdən üzr istəyəcəklər. Oxatan çox sakit olanda hamı onu zəif bilir və boynunda oturmağa çalışır. Lakin bu bürc buynuzlarını göstərəndə mələkdən şeytana çevrilir. Uğurlu günləriniz 8, 10 noyabr, uğursuz gününüz isə 9 noyabrdır.
OĞLAQ (22 dekabr - 19 yanvar)
Bu həftə maddi baxımdan yüksəliş gözlənilir. Çox maraqlı və sərfəli layihəyə başlamaq imkanı olacaq. Peşəkar və işgüzar olduğunuz üçün sizə yeni təkliflər gələcək: bir neçə şirkət sizi öz tərəfinə çəkmək istəyəcək. Pulunuzu balışın altında gizlətməyin, özünüzə xərcləyin və narahat olmayın, çünki ayın sonunda xərclədiyiniz məbləğ sizə ikiqat qayıdacaq. Həftəsonu sevgiyə aid məsələ ilə bağlı iki seçim arasında qalacaqsınız. Uğurlu günləriniz 7, 12 noyabr, uğursuz gününüz isə 13 noyabrdır.
DOLÇA (20 yanvar - 18 fevral)
Bu həftə uzun müddətdir arzuladığınız evi və ya əmlakı satın ala biləcəksiniz. Münasibətdə olan Dolçalar evlənmək haqqında fikrə gələ və ya partnyoru tərəfindən nişan, evlilik təklifi ala bilərlər. Sizin həyatınızda vampir bir insan var: o, enerjinizlə qidalanır və həyatınızda mənfi rol oynayır. Həmin şəxsi vaxtında tapın və birdəfəlik silin. Artıq pulunuz varsa, sərmayə yatırın, peşman olmayacaqsınız. Uğurlu günləriniz 12, 13 noyabr, uğursuz gününüz isə 9 noyabrdır.
BALIQLAR (19 fevral - 20 mart)
Xoşbəxtliyin dadını çıxarmağın vaxtı gəldi. Ulduzlar sizə sürpriz hazırlayıb: həftəiçi çoxdan tutduğunuz arzunuz çin olacaq. Son zamanlar çox işləyirsiniz: tezliklə bunun bəhrəsini görəcəksiniz. Keçmiş sevgiliniz sizi narahat edəcək, rahatlığınızı pozmağa çalışacaq, ürəyinizə yenidən yollar tapmaq istəyəcək. Hətta sizi yeni münasibətə başladığınız insana qısqanacaq, hər üsulla onu sizdən uzaqlaşdırmağa çalışacaq. Odur ki, səbirli və təmkinli olun və soyuq başla hərəkət edin. Pulunuza qənayət etməlisiniz, əks halda böhranla üzləşə bilərsiniz. Uğurlu günləriniz 7, 8, 11 noyabr, uğursuz gününüz isə 10 noyabrdır.