Bakıda, aeroport yolu, Binə körpüsü adlanan ərazidən üzü şəhər istiqamətində “COP29” nişanı çəkilmiş zolaqda avtomobillərin cərimələndiyi iddia olunub.
Bakuplus.az xəbər verir ki, bu barədə sürücü video paylaşaraq məlumat verib.
Halbuki, bir neçə gün öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “COP29” zolaqlarına keçənlərin cərimələnməsi barədə qərarın aradan qaldırıldığını təsdiqləyib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Bakuplus.az-a açıqlama verib.
Onun sözlərinə görə, həmin zolaqla hərəkət etdiyinə görə heç bir avtomobil cərimə olunmur:
“Təəssüf ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də avtomobillərini ümumi istifadədə olan avtobus dayanacağı meydançasında və ya 5.12 yol nişanlarından 15 metrdən az məsafədə saxlayırlar.
Avtobusların dayanacağa daxil olmasına maneə yaradaraq qaydaları pozan sürücülərlə bağlı isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.2-ci maddəsinə uyğun olaraq, tədbirlər həyata keçirilir. Həmin sürücülər 40 manat məbləğində cərimə olunurlar".
Fidan İlqar