Məmmədli kənd sakinləri 217 nömrəli marşrut xəttinin fəaliyyətindən narazıdır. Sakinlər sosial şəbəkədə bildiriblər ki, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə yetişmək istəsələr də, avtobuslar gec gəlirlər və sürücülər yer olmaması bəhanəsi ilə dayanacağa yanaşmırlar.
Məsələ ilə bağlı Oxu.Az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib. Agentlik, avtobusların gecikmələrinin səbəbinin tıxac problemi olduğunu açıqlayıb. Həmçinin "Azlənd Plaza" MMC tərəfindən istismar olunan 217 nömrəli marşrut üzrə 12 avtobusun 9-10 dəqiqəlik intervalda xidmət göstərdiyi bildirilib.