Bakının “Dərnəgül yolu”nda yerləşən taxta bazarı artıq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova məxsus deyil. Bu haqda bu gün, 17 dekabr tarixində Yeni Sabah məlumat verib.
Xəbər portalının daxili mənbələrinə görə, Talıbovlar ailəsi uzun illər taxta biznesi ilə məşğul olub və dövlətə heç bir vergi ödəmirmiş. Bildirilir ki, Talıbovun işçiləri bazardan uzaqlaşdırılıblar, hazırda taxta bazarına Bakı Şəhər İcra Hakimiyyətinin “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” nəzarət edir.
İcarə haqqı bu birlik tərəfindən rəsmi olaraq qəbul edilir və hər bir sahibkar Dövlət Vergi Xidmətinin nəzarət-kassa aparatları ilə təmin olunur.
Həmçinin məlum olub ki, sözügedən bazar bir neçə dəfə güclü yanğınlara məruz qalıb. Burada əsas problemlərdən biri o idi ki, Talıbovlar Fövqəladə Hallar Nazirliyinə bazarda təhlükəsizliyə qarşı qabaqlayıcı tədbirlər görməyə imkan vermirdilər.