Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənova hökm oxunub. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
İclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilib.
Məhkəmənin hökmü ilə Təranə Səmədova 6, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
İstintaq zamanı müəyyən olunub ki, Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı Həsənovla birgə Altay Səfirovun (ad, soyad şərtidir) fotoşəkillərini əldə ediblər. Daha sonra həmin şəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən İnstagram-da və digər sosial şəbəkələrdə yerləşdirməklə hədələyiblər. Təqsirləndirilən şəxslər Altaydan 3000 manat pul tələb ediblər və ötən ilin noyabrında ondan 1100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.
Səmədova və Həsənov barəsində “Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” maddələri ilə ittiham irəli sürülüb.