Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb.
Bakuplus.az xəbər verir ki, Azərbaycanda çörək əsrlərdən bəri bolluq-bərəkət rəmzi sayılır. Hər bölgənin özünəməxsus çörək növü və bişirilmə üsulu olduğu kimi dadları da bir-birindən fərqlənir. Bakı, Gəncə, Naxçıvan, Şamaxı və digər yerlərdə vaxtilə geniş yayılan çörək növlərindən biri səngək çörəyidir.
Səngək çörəyi xırda daşların üzərində, qırmızı kərpicdən hazırlanan təndirlərdə bişirilir və əsasən bozbaş, piti kimi duru, yağlı yeməklər üçün nəzərdə tutulur. Onun əsas üstünlüyü 3-4 gün ərzində təzə qalması və rahat həzm olunmasıdır. Bu səbəbdən də mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə səngək çörəyindən istifadə etmək məsləhət görülür.