YARAT İncəsənət Mərkəzində müzakirə axşamı baş tutacaq. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az mədəniyyət ocağına istinadən xəbər verir.
Mərkəzdə xalq rəssamı Fərhad Xəlilovun “Yerlə göy arasında” fərdi sərgisi çərçivəsində “Yer kürəsi və incəsənət” layihəsinin növbəti müzakirəsi təşkil olunacaq. Görüşün mövzusu “Abstrakt, yoxsa görünən reallığın illüziyası: Fərhad Xəlilovun fərdi sərgisi çərçivəsində abstrakt incəsənət”dir.
Tədbirdə qonaqlar qismində sənətşünas, qalereyaçı, “Contemporary Baku” şirkətinin təsisçisi və direktoru Qalib Qasımov, Bakı İncəsənət Mərkəzinin baş direktoru, incəsənət tədqiqatçısı Rafael Gülməmmədli və kulturoloq Elçin Şamili iştirak edəcəklər. Müzakirə axşamının moderatoru Mina Abbasovadır.
Görüş 23 fevral tarixində saat 19:00-da başlayacaq. Tədbir XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin 2-ci mərtəbəsində Azərbaycan dilində keçiriləcək.
Müzakirələrə hər kəs sərbəst olaraq qatıla bilər.