Yeni il yaxınlaşdıqça Şaxta baba və Qar qıza tələbat da artır. Artıq sosial şəbəkələrdə Şaxta baba və Qar Qız xidmətlərini təşkil edən müxtəlif səhifələrə də rast gəlmək mümkündür. Qiymətlər isə xidmətlərdən asılıdır. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.
Araşdırmalara görə, ötən illə müqayisədə Şaxta babanın iştirakı ilə keçirilən şouların qiymətində 30-50 manat artım var. Qiymət 50-180 manat arasında dəyişir. Məbləğ, əsasən, personajların sayına, tədbirin müddətinə və şoulara, həmçinin proqramın hansı dildə aparılacağına görə dəyişir. Xarici dildə nəzərdə tutulan şou proqram 20-30 manat daha baha təklif edilir.
Bayram günlərində övladlarını sevindirmək istəyənlər isə bir neçə dəqiqəlik gələn bu qonaqların istədiyi məbləğdən narazıdırlar.
Bəs Şaxta baba və Qar qız olmaq istəyənlər hansı şərtlər daxilində fəaliyyətə cəlb olunurlar? Təşkilatçılar bildirdilər ki, Şaxta baba olmaq istəyən oğlanlar ucaboy və kilolu olmalıdırlar. Qar qızların isə xarici görünüşü əsasdır. Bu işin rəsmi tərəfinə gəldikdə isə Bakı şəhər Ticarət və Xidmət Departamentindən bildirildi ki, Şaxta baba olmaq üçün 90 manat rüsumu ödəmək yetərlidir.