Bakıda 17 yaşadək qızlar arasında həndbol üzrə Avropa çempionatına start verilib. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bakı İdman Sarayında qitə birinciliyinin qrup mərhələsində ilk oyun keçirilib.
Meydanda Avropa Həndbol Federasiyasının bayrağı asıldıqdan sonra B qrupunda yer alan Farer adaları və Yunanıstan komandaları arasında oyun başlayıb. Oyun Farer adaları komandasının 27:22 hesablı qələbəsi ilə başa çatıb.
Avropa çempionatında 10 komanda 2 qrupda mübarizə aparacaq. Azərbaycan millisi A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan komandaları ilə mübarizə aparacaq. B qrupunda İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları mübarizə aparacaq. Azərbaycan millisi bu gün ilk oyununu Gürcüstana qarşı keçirəcək.