Bulvarda uşaqlar üçün veloyürüş təşkil edilib. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dənizkənarı Milli Park ərazisində uşaqların iştirakı ilə veloyürüş keçirilib.
Tədbir çərçivəsində 8-12 yaş aralığında uşaqlar velosipedlərlə yürüşə qatılıblar. Daha aşağı yaş qrupuna aid uşaqlar isə yürüşdə skuterlərlə iştirak ediblər.
Əvvəlcə kiçik velosipedçilərə mikromobillik vasitələrindən istifadə qaydaları, təhlükəsizlik vasitələrinin (dəbilqə) vacibliyi, yol hərəkəti qaydaları izah olunub. Yürüş iştirakçılarına “Davranış qaydaları” adlı kitablar hədiyyə edilib.