“Neftçi” PFK-ya yeni baş məşqçi təyin olunub. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
Rumıniyalı mütəxəssis, 44 yaşlı Adrian Mutu ilə 2 illik müqavilə imzalanıb.
“Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına malik klubdur. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”, - deyə mütəxəssis bildirib.
Rumıniya tarixinin ən yaxşı futbolçularından biri olan A.Mutu ölkəsində bir neçə klubla yanaşı, İtaliyada “İnter”, “Parma”, “Yuventus”, “Fiorentina”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” kimi klubların formasını geyinib. O, 2007-ci ildə İtaliyada ilin futbolçusu seçilib, öz ölkəsində isə 4 dəfə bu ada layiq görülüb.
Adrian Mutu “Voluntari” (Rumıniya), “Əl Vəhdə” U-21 (BƏƏ), Rumıniya U-21 milli komandası, “Universitatya Krayova” (Rumıniya) və “Rapid”in (Buxarest, Rumıniya) baş məşqçisi olub. O, UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.