İtaliyalı güləşçiyə Bakıda rüşvət təklif edilib. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
İtaliyalı güləşçi ikiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio Bakıda ona 300.000 ABŞ dolları rüşvət təklif ediliyini iddia edib.
“Azərbaycanda ikiqat, üçqat mübarizə verməli olduğumu bilirdim, çünki onların ölkəsində döyüşürdüm. Yanıma gəlib uduzmağım üçün 300.000 ABŞ dolları təklif etdilər. Kimin olduğunu demək istəmirəm, amma bu, çəki ölçmənin səhəri günü baş vermişdi. Mən bu təklifi rədd etdim. Çünki təkcə özümü deyil, həm də İtaliyanı təmsil edirəm”, – deyə güləşçi qeyd edib.
Frank Çamisio turnirin final mərhələsində azərbaycanlı güləşçi Turan Bayramova məğlub olub. Bayramov bununla Paris–2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.