Bakı sakinləri ölkə ərazisinə narkotik vasitələri keçirərkən saxlanılıblar. Hadisə Beyləqan rayonunda, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Bu haqda Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 9 dekabr tarixində məlumat yayıb.
“Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb avtomobillə uzaqlaşmağa cəhd edən paytaxt sakinləri 46 yaşlı Azər Bədəlzadə, 17 yaşlı Araz Bədəlov və 31 yaşlı Əfqan Abdullayev saxlanılıblar.
Baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 6 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə və 2000 ədəd “tramadol” həbi aşkar olunaraq götürülüb.
Əvvəllər məhkum olunmuş A.Bədəlzadə sərhədçilərə qarşı müqavimət göstərərək bıçaqla xəsarət yetirməyə çalışarkən tərkisilah edilib.
Faktlar üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.