Abşeron rayonu, Masazır qəsəbəsində hotellərin birində qətl hadisəsi baş verib. Bu haqda bu gün, 2 noyabr tarixində Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə məlumat yayıb.
Verilən məlumata görə, qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Oktyabrın 31-də saat 05:00 radələrində Masazır qəsəbəsində yerləşən hotellərdən birində 32 yaşlı Turanə Cavadovanın üzərində bədən xəsarətlərinin izləri olan meyiti aşkar edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 26 yaşlı Rəsul Niftəliyevin şəxsi tamah niyyəti ilə qadını boğaraq onun 150 manat pulunu ələ keçirməsi və hadisə yerindən qaçması barədə əsaslı şübhələr müəyyən edilib.
Rəsul Niftəliyev şübhəli şəxs qismində polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.