Bakıda Pərviz Quliyevin 80 illik yubileyi qeyd ediləcək. Bu haqda 7 yanvar tarixində Bakı Mədəniyyət Baş İdarəsi məlumat verib.
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə yanvarın 11-də Azərbaycan kinosunun fotoqraf-rəssamı, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin 80 illik yubileyi qeyd ediləcək. Tədbirdə yubilyar və onun sənət dostları, tanınmış kino xadimləri iştirak edəcəklər. Mərasim zamanı Azərbaycan kinofilmlərindən musiqilər təqdim olunacaq.
Yubiley gecəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə keçiriləcək.
Pərviz Quliyev 1942-ci il yanvarın 19-da Bakıda anadan olub. O, 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında foto sexinə rəhbərlik edib və 50 il ərzində tanınmış rejissorlarla 40-a yaxın filmin çəklişində iştirak edib. Kinostudiyanın arxivində qorunan “Bakının işıqları”, “Kəndlilər”, “Sevil”, “26-lar”, “Gilan qızı”, “Hacı Qara”, “Arşın mal alan”, “Fətəli xan” və digər filmlərin neqativlərini də fonda Pərviz Quliyev təhvil verib.