Nəsimi rayonu, Cavadxan küçəsi, “Şəki” kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olan şikayət araşdırılıb.
Bakuplus.az-ın məlumatına görə, idarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı müəyyən olunub ki, ağaclar təmir-tikinti işləri aparılan zaman kafe sahibi Famil Səfərovun göstərişi ilə kəsilib.
Nəticədə təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.
Qurum rəsmisinin sözlərinə görə, faktla bağlı aprelin 2-də akt tərtib edilib: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.
Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib.