Bu ay aktiv meteor yağışı olacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası xəbər verir ki, bu il ε-Perseid meteor yağışı 5-21 sentyabr tarixlərində aktiv olacaq və 9 sentyabr tarixində pik həddə çatacaq.
Bakıdan baxanda yağış hər gecə saat 19:30 radələrində üfüqün şərq tərəfində görünəcək və saat 05:45-dən səhərə qədər aktiv qalacaq. Yağış saat 05:00-da - üfüqdən ən hündür nöqtədə olanda daha intensiv olacaq. Yağışın pik nöqtəsində saatda 10-a qədər meteor görüləcəyi təxmin edilir.
Yer kürəsi kometlər və asteroidlərdən sonra geridə qalan dağıntı axınlarından keçdikdə meteor yağışları yaranır. Bu dağıntılardan biri Yer atmosferi ilə toqquşduqda təxminən 70-100 km yüksəklikdə yanmağa başlayır və “düşən” ulduzlar kimi görünür.