“Araz” supermarketlərində tərkibində bakteriya olan dondurmalar endirimlə satılır. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az məlumat verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, bakteriyalar müvafiq istehsal tarixli məhsul partiyasında aşkar olunub. Bu partiyanın geri çağırılması prosesi davam edir.
“Vətəndaşlardan ticarət şəbəkələrində bu partiyaya məxsus məhsullarla rastlaşdıqda, agentliyin “1003–Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur”, – deyə AQTA-dan bildirilib.
Daha öncə məlum olub ki, Agentlik tərəfindən aparılan monitorinqlər çərçivəsində 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.