Gələn il Azərbaycanda siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılacaq. Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrinin təqdimatında əksini tapıb. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az məlumat verir.
Aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.
Elektron siqaretlərin aksiz dərəcəsi də dəyişilir. Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün məhsullarının hər 1000 ədədi üçün asiz dərəcəsi 14 manatdan 16 manata artırılır. Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.
Aksiz dərəcəsi içməli spirt, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır.
Şampan şərabı üçün aksiz dərəcəsi isə 2,6 manatdan 0,2 manata endirilir.