Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi Azad Məcidov yaxın zamanda hakimlik karyerasını bitirəcək.
“Qafqazinfo”nun məlumatına görə, dekabrda 65 yaşı tamam olacaq hakimin icraatına yeni iş verilməyəcək. O, son bir neçə cinayət işinin hökmünü elan etdikdən sonra təqaüdə göndəriləcək.
Məcidov hüquq-mühafizə orqanlarında 30 il müstəntiq işləyib və polkovnik rütbəsi daşıyır. O, silsilə qətllər və adam oğurluğunda təqsirli bilinmiş Hacı Məmmədovun istintaq qrupunun üzvü olub.
15 il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilən Azad Məcidov, bu illər ərzində müğənni Fədayə Laçının, tarixçi Səbuhi Hüseynovun və erməni diversantların işləri kimi bir çox vacib işlərin hökmünü çıxarıb. Hazırda talassemiyalı uşaqlar üçün ayrılmış pulları ələ keçirən qadınların işinə baxır. Hakimin çıxışları mütəmadi olaraq xəbər başlıqlarında yer alır.