Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücülərə Yasamalda bağlanan yolla bağlı müraciət edib. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sabah səhər saat 06:00-dan 14 iyul saat 22:00-dək Mətbuat prospektində M.Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, M.Müşfiq dairəsi də daxil olmaqla Parlament prospektinədək nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Kənar dairəvi yoldan mərkəzə hərəkət edən sürücülər M.Müşfiq küçəsindən İzzət Nəbiyev küçəsinə keçməklə Parlament prospektinə, şəhərin mərkəzindən Badamdar istiqamətinə hərəkət edən sürücülər Mehdi Hüseyn, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrindən keçməklə, eləcə də Abbas Mirzə Şərifzadə küçəsindən Kənar dairəvi yol və Badamdar istiqamətinə hərəkət edən sürücülər isə Yasamal qəbiristanlığı ərazisindən keçməklə çıxa bilərlər.