Bakı-Ağstafa dəmir yolu marşrutuna yeni dayanacaq əlavə edilib. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Belə ki, Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı Tovuz rayonunun Qovlar stansiyasında da dayanacaq. Bakıdan Qovlara bir istiqamətə gediş haqqı standart yerlər üçün 16 manat olacaq.
Beləliklə, Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarları yeni qrafikə uyğun hərəkət edəcək.
Hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzilbaşına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Dəyişikliklər 3 iyul tarixindən etibarən qüvvəyə minəcək.