Bakı “Destination Dupes”un reytinq siyahısında ilk sıralarda yer alıb. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az xəbər verir.
Bakı İnstagram, TikTok kimi sosial şəbəkələrdə ən populyar alternativ turizm məkanı kimi 1-ci yeri tutub. Nəticələr “1st Move International”ın turizm ekspertlərinin apardıqları araşdırmalara əsasən təqdim olunub.
“Destination Dupe” – izdihamlı və daha bahalı olanların əvəzinə daha az tanınan, araşdırılmamış səyahət istiqamətləri təklif edən tendensiyadır.
Bakı haqqında İnstagram-da 34,85, Tiktok-da isə 2,4 milyon post paylaşılıb. Bununla paytaxt Kolumbiyanın Medelyin, İspaniyanın Valensiya şəhərlərini qabaqlayıb.
“Dubay kimi, Bakı da sürətli inkişaf yolu keçib və heyranedici müasir arxitekturaya malikdir. Bakıda həm də tarixi dərinliyi müasir estetika ilə birləşdirən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş, yaxşı qorunan İçərişəhəri var. Dubay kimi, Bakı da yüksək səviyyəli qonaqpərvərliyi ilə tanınır, lakin daha zəngin mədəni təcrübə təqdim edir. Şəhər canlı caz səhnəsinə, 12-ci əsrə aid qədim tarixi sərvətlərə və müxtəlif kulinariya landşaftına ev sahibliyi edir”, – deyə “1st Move International”ın turizm ekspertlərinin tədqiqatında bildirilir.