Bakıda kamandan oxatma üzrə Azərbaycan çempionatı və birinciliyi təşkil olunacaq.
Bakuplus.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyasından bildirilib ki, yarışlarda ölkənin müxtəlif bölgələrindən 50-dən çox peşəkar idmançı iştirak edəcək.
Yarışlar üç kateqoriyada keçiriləcək: 16 yaşına qədər yeniyetmələr (30 metr), 16-18 yaşlı gənclər (60 metr) və böyüklər (70 metr).
Avqustun 23-də məşqlərlə başlayacaq çempionat, 24-də açılış mərasimi və sıralama atışları ilə davam edəcək. Final mərhələsi və mükafatlandırma mərasimi isə avqustun 25-də baş tutacaq.
Turnir Dənizkənarı Milli Park ərazisində saat 10:00-da başlayacaq. Çempionat, ölkənin ən yaxşı oxçularını müəyyən etməklə yanaşı, qədim oxatma sənətinin inkişafına və qorunmasına da töhfə verəcək.