Ötən gün Bakı Gənclər Mərkəzində “Könüllü qəhrəmanların oktyabr görüşü” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutub.
Mərkəzdə ölkənin dörd bir yanından qoşulan könüllülər, üzv təşkilatların nümayəndələri və AKTİ katibliyi görüşüblər.
Hibrid formatında keçirilən görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra açılış nitqini Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov edib.
Tədbirdə ittifaqın sədri Yusif Vəliyev çıxış edərək təşkilatın fəaliyyətindən söz açıb.
Açıq mikrofon formatında davam edən tədbirdə İttifaqa üzv təşkilatları təmsil edən könüllülərin həyata keçirilən fəaliyyətlərlə bağlı fikirləri, təklifləri dinlənilib və növbəti aylarda görüləcək işlər müzakirə edilib.