Paytaxtda ümumşəhər iməciliyi baş tutub. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən təmizlik işləri çərçivəsində kommunal təsərrüfat xidmətlərinin texnikası ilə səhər saatlarından əsas küçə və prospektlər bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulub. Həmçinin prospekt və küçələrin səki kənarları, bordürlər və işıq dirəkləri, eləcə də yol kənarındakı məhəccərlər, park və istirahət yerlərində oturacaqlar təmizlənərək yuyulub.
Bundan əlavə, ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənərək, ətrafında səliqə-sahman yaradılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibləri yumşaldılıb, həmçinin mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.
Əlavə olaraq, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qaradağda ağacəkmə aksiyası keçirilib. Tədbir zamanı yerli iqlim şəraitinə uyğun olaraq seçilmiş 400 yeni ağac əkilib. Ağacəkmə aksiyaları paytaxtın digər rayonlarında da keçirilib.