Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma-durma və parklanma qaydalarını pozanlara qarşı reyd keçirib. Bu haqda Avtosfer.az 11 fevral tarixində xəbər verib.
Təbliğat xarakteri daşıyan reydlər Bakı şəhər DYP İdarəsi və Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən paytaxtın 28 May metro stansiyası ətrafında, eləcə də 28 May və Füzuli küçələrində keçirilib.
Yol polisi əməkdaşları sürücülərlə profilaktik söhbətlər aparıb, onlara törətdikləri xətaların digər hərəkət iştirakçılarına təsirini izah ediblər. Sürücülərin bəziləri telefonla danışdıqlarına, müştəri gözlədiklərinə görə, və ya başqalarının onların obyektlərinin qarşısında maşın saxlamaması üçün qayda pozduqlarını bildiriblər.
Keçirilən tədbirlər zamanı yol polisi tərəfindən sürücülərə protokol yazılmayıb. Bakı şəhər DYP İdarəsi hesab edir ki, maarifləndirmə yolu ilə müsbət dəyişikliklərə nail olunacaq.