1-3 mart 2023-cü ildə Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü Bakı Konqres Mərkəzində keçiriləcək. Bununla bağlı bu gün, 28 fevral tarixində Bakı Şəhər Dövlət Yol Polisi (DYP) paytaxt sakinləri və sürücülərə müraciət edib.
Tədbirdə iştirak edən qonaqların əsas hərəkət marşrutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.
“Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə başa çatması üçün paytaxt sakinlərindən və sürücülərdən mərkəz istiqamətində səfərlərini, əsasən, ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik. Mərkəzə daxil olan nəqliyyat axınının fasiləsiz idarə olunması məqsədilə paytaxtın cənub girişindən mərkəzə doğru, əsasən, Lökbatan dairəsindən Kənar dairəvi yolla hərəkətə üstünlük verməklə hərəkət etməyi, Zərifə Əliyeyeva, Neftçilər prospekti, İstiqlaliyyət və Yusif Səfərov istiqamətində mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətini yükləməməyi xahiş edirik”, - müraciətdə deyilir.