"Bakı Metropoliteni" QSC 2 yeni qatarı Həzi Aslanov-Dərnəgül xəttinə buraxmağı planlaşdırır. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 27 sentyabr tarixində xəbər verir.
Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən alınan, müasir standartlara cavab verən 81-765B/766 B tipli 10 vaqon artıq Bakıya yola salınıb.
Qatarlar oktyabrın ilk günlərində metronun elektrik deposuna çatmalıdır.
Səhmdar cəmiyyətinin Rusiya şirkətinə sifariş verdiyi qalan 2 qatarın (10 vaqonun) isə gələn ayın sonunda Azərbaycana göndərilməsi, sınaq-sazlama işlərindən sonra noyabrın sonunda və ya dekabrın əvvəlində istismara verilməsi nəzərdə tutulur.
2019-cu ilin oktyabrında bağlanmış 3 illik müqaviləyə uyğun olaraq, adıçəkilən müəssisə 2020-2022-ci illər ərzində “Bakı Metropoliteni”ni hər il 20 vaqon olmaqla, ümumilikdə 60 yeni vaqonla təmin etməlidir.