Metroda ventilyasiya sistemi yay rejiminə keçirilib. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Metropolitenə istinadən xəbər verir.
Metropolitenin stansiya və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.
“Bakının iqlim şəraiti nəzərə alınmaqla tətbiq edilən yeniliklərə əsasən, ventilyatorların iş rejimi fəsillər üzrə qurulmağa başlanıb. Əvvəlki illərdən fərqli olaraq, indi ventilyatorlar 4 fəsil üzrə - 4 rejimdə işləyir”, - deyə Elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev bildirib.
Bundan əlavə, metropoliten daha 4 yeni ventilyatorun və 6 dempferin quraşdırılması işlərini başa çatdırıb. Hazırda 4 ventilyator "Əhmədli - Həzi Aslanov" mənzili, "Cəfər Cabbarlı" və "Xətai" (2 ədəd) stansiyalarında quraşdırılıb. Daha 2 ventilyatorun "Əhmədli - Həzi Aslanov" və "Qara Qarayev - Neftçilər" mənzillərində quraşdırılması üçün hazırlıqlara başlanılıb.