Prokuror Azərbaycana ən təhlükəli narkotik gətirən qadınlara cəza istəyib. Bu haqda 24 fevral tarixində Report məlumat verib.
2021-ci ilin yanvar ayında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı İlahə Babayevaya məxsus çamadan gömrük nəzarəti zamanı yoxlanılıb. Çamadandan qəhvə qutularının içindəki sellofan paketlərdən 1542 ədəd metilendioksimetamfetamin həbi, uşaq yeməyinin içinə yerləşdirilən bir bükümdə 320,105 qram kokain, çay paketinin içində 87,106 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzay) maddəsi aşkar edilib.
Cinayətkar qrupun digər üzvləri Lalə Məmmədova və Nərminə Kərimova saxlanılıblar. Onların yaşayış evində də narkotik vasitələr tapılaraq dövriyyədən çıxarılıb.
Yasamal Rayon Məhkəməsinin qərarına əsasən onlara həbs qətimkan tədbiri seçilib. Prokuror İlahə Babayevanın 14 il, Nərminə Kərimova ilə Lalə Məmmədovanın isə hər birinin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.