Binəqədi rayonunda yerləşən bazarda nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Rayonun Biləcəri qəsəbəsi, M.S. Ordubadi küçəsi, 7A ünvanında yerləşən bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində normativ tələblərinin pozulduğu aşkar edilib.
Həmçinin bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının saxlanması və satışı üçün müvafiq avadanlıqların olmadığı, üzərində etiket məlumatları olmayan müxtəlif çeşiddə məhsulların satışının həyata keçirildiyi məlum olub.
Eyni zamanda xüsusi risk qrupuna aid məhsulların temperatur rejiminə əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, işçilərin tibbi müayinədən keçmədikləri və xüsusi geyimlə təmin olunmadıqları, təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Aşkar olunmuş nöqsanlarla bağlı bazar rəhbərliyi məsuliyyətə cəlb olunub, bazarın daxilində ət və ət məhsulları, süd və süd məhsulları, eyni zamanda piştaxtalar üzərində qida məhsullarının satışı qadağan edilib.
Monitorinqlər bundan sonra da davam edəcək.