“Baykar” şirkəti ilə birgə yaradılmış Bilim Bakı Mərkəzinin təmir-tikinti işləri yekunlaşmaq üzrədir. Mərkəzin açılış mərasimi bu ilin birinci rübünün sonuna planlaşdırılıb. Bu haqda APA məlumat verib.
Mərkəz uşaq və yeniyetmələr üçün yaradılır. Erkən yaşlarda innovasiya və texnologiyaya marağı stimullaşdıraraq, Bilim Bakı gələcəyin mühəndislərinin, alimlərinin və innovativ sahibkarlarının inkişafına təkan verəcək.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “Baykar Makina” arasında ötən il İstanbulda keçirilən IV Technofest festivalı çərçivəsində mərkəzin yaradılması ilə bağlı müqavilə imzalanıb.
Mərkəzdə texnologiya, süni intellekt, əşyaların interneti, robototexnika və proqramlaşdırma, kibertəhlükəsizlik, aviasiya və digər istiqamətlər üzrə təlimlər təşkil olunacaq.