Qəhrəman Asim Bəkir oğlu Quliyev 2 mart 1996-cı ildə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində anadan olmuşdur. Şəhid Asim Quliyev 2002-ci ildə Bakıxanov qəsəbəsində yerləşən 107 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuş, 2011-ci ildə IX sinfi bitirdikdən sonra Sumqayıt şəhərində kompüter ixtisası üzrə kollecə daxil olaraq təhsilini davam etdirmişdir.
Quliyev 21 sentyabr 2020-ci il tarixində könüllü olaraq hərbi xidmətə yollanmış, 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. O, Cəbrayıl, Füzuli rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə komanda heyəti ilə birgə düşmənə qarşı qəhrəmancasına mübarizə aparmışdır.
Asim Quliyev 12 oktyabr 2020-ci il tarixində Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşlərdə düşmənin snayper gülləsi ilə ürəyindən vurularaq şəhid olmuşdur.
Şəhid Asim Quliyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.