COP29-la bağlı vergi güzəştləri müəyyənləşir. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Milli Məclisin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, müvafiq orqanın təsdiqedici sənədi əsasında COP29-un Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər 2024-cu il 1 mart tarixindən 9 ay müddətinə gəlir vergisindən azad olunacaq.
Həmçinin qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri və qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər vergidən azad olunur.
Bundan əlavə, qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi vergidən azad ediləcək.