Məhkəmə Bakıda şirkət rəhbərinə elektron qolbağın taxılması barədə hökm çıxarıb. Bu haqda 21 fevral tarixində Report məlumat verib.
Ölkə ərazisində karantin rejiminin tətbiqindən istifadə edən Nurlan Əsgərzadə xarici ölkə vətəndaşlarından və ya vətəndaşlığı olmayan şəxslərdən Azərbaycana daxil olmaq üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 4 min manat pul alıb. O, Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə verilməsini təmin etmək adı ilə insanlara yalandan vədlər verib.
Nurlan Əsgərzadə saxlanılıb və o, Cinayət Məcəlləsinin “Təkrarən dələduzluğa cəhd etmə”, “Dələduzluq- təkrar törədildikdə” və “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə” maddələri ilə ittiham olunub.
Hökmə əsasən, N.Əsgərzadə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb. Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçib. O, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.