Ölkədə müşahidə olunan yağıntılı hava şəraiti ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Sürücülərdən ehtiyatlı olmaları, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmələri, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmaları, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etmələri, sürət həddini yol və hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinmələri xahiş edilib.
“Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissələrdən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”, - müraciətdə əlavə olunub.