DTX İstintaq Baş İdarəsinin müstəntiqinin deputat Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlərinə Səbail rayon Məhkəməsində baxılıb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan üç şəxs barəsində 4 ay müddətinə, bir şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında avtomobildən düşən zaman güllələnib.
Hücumda şübhəli bilinən şəxslər tutulublar. DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat nəticəsində paytaxtın Qaradağ rayonunda 4 nəfər saxlanılıb. Polisin atəş açması ilə bağlı məlumat yayılıb.
Belə ki, terrorda şübhəli bilinib DTX tərəfindən saxlanılanlardan biri Həsən Hüseynovdur. O, İrandan deputatı ölümlə hədələyən Hüseyn Hüseynovun qardaşıdır.