Hakim və prorektorun adından istifadə edərək dələduzluq edən şəxs azadlığa buraxılıb. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 42 yaşlı Ülviyyə Abasova dəymiş zərəri ödədiyinə görə azadlığa buraxılıb.
İttiham olunan şəxs Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinov və Memarlıq və İnşaat Universitetinin prorektoru Orxan Naqdiyevin adından istifadə etməklə 2 nəfərin 3700 AZN pulunu mənimsəmişdi.
O, zərərçəkənlərdən birinə Ziya Şirinovun onun tanışı olduğu deyib və probleminin həll olunması üçün 1700 AZN istəyib. Digər şəxsdən isə zərərçəkənin oğlunu qabiliyyət imtahanında keçirəcəyini vəd edərək 2000 AZN pul alıb.
Ü.Abasova bundan öncə də dəfələrlə dələduzluğa görə məhkum edilib.