Sinqapur-Helsinki marşrutu ilə uçan təyyarə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş edib. Bu haqda bu gün, 27 sentyabr tarixində hava limanının mətbuat xidməti məlumat verib.
“Finnair” təyyarəsinin komandiri sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanına təcili eniş sorğusu göndərib. “Airbus A350” təyyarəsi yerli vaxtla saat 02:31-də Bakı Hava Limanına enib.
Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.
Təyyarə Bakıdan Helsinkiyə saat 05:50-də havaya qalxıb.