Azərbaycan tərəf Ermənistanı Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib. Bunu Şuşada keçirilən II Qlobal Media Forumunda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
Hacıyev qeyd edib ki, COP29-un Prezidenti Muxtar Babayev Ermənistan xarici işlər nazirinə rəsmi dəvət məktubu göndərib.
“Biz Ermənistanı rəsmən COP29-a dəvət etmişik. İki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda bu dəvət Azərbaycanın xoş iradəsini və inklüziv yanaşmasını göstərir. İndi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb”, - Hacıyev əlavə edib.