Paytaxt ərazisində COP29 ilə əlaqədar genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Aksiya çərçivəsində 500-dən artıq iştirakçı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 3000 Eldar şamı və zeytun ağacı əkib.
Tədbirdən sonra könüllülərin iştirakı ilə Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29-a həsr olunan fləş-mob nümayiş etdirilib.
Ağacəkmə aksiyası və fləş-mob COP29 Azərbaycan Əməliyyat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən birgə təşkil olunub. Tədbirdə dövlət orqanlarının, özəl təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tələbələr və könüllülər iştirak ediblər.