Bakının Qaradağ rayonunda ağacəkmə aksiyası baş tutub. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamları və zeytun ağacları əkilib.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Tədbirə “MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin əməkdaşları, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları və könüllüləri, eləcə də ekokönüllülər qoşulublar.